Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV
Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri vardır. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir.
Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir.Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilmişdir.
 
Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2013-cü il.