Məhsəti Gəncəvi adına
Elektron Kitabxana 
 
                                 Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
 
HEYDƏR ƏLİYEV

Məhsəti Gəncəvi haqqında


Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin bəşəriliyini,böyüklüyünü və insanpərvərliyini tərənnüm etdirən görkəmlisöz sərafıdır. Onun cox zəngin ədəbi irsi müfəssəl və elmi surətdə dərindən tədqiq olunmalıdır.
Heydər Əliyev


Məhsəti Gəncəvinin yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış , sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühümtəsir göstərmişdir.
İlham Əliyev



Məhsəti Gəncəvi – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü.
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur:




Dün kaşı kuzəmi daşlara çaxdım,
Sərxoşdum bilmədim əlimdən saldım
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.



Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr olduqca azdır. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar Rəfael Hüseynovun şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı "Məhsəti necə varsa" kitabında toplanmışdır.


Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir.[1] Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).

Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak etmişdi.
Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, "Dastan"ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.
Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyinə baxdırmaq üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqbət və məhəbbətini qazanacağından xəbər verir. Həmçinin məlum olur ki, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə bağlı olacaqdır. Atası qızı tərbiyə olunmaq üçün məktəbə verir. On səkkiz yaşına qədər burada oxuyan qız yaxşı təhsil görür. Bundan sonra atası qızını mütəxəssislərin yanına apararaq, ona 12 muğamı və bunların 24 şöbəsini öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, ud və bərbəd alətlərində çalmağı öyrətsinlər. Camaat heyrətlə ondan soruşur: "Bu necə olan şeydir? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan? Yoxsa sən istəyirsən ki, qızın azğın və əxlaqsız olsun?" Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat məhəlləsində yaşayır.
Dastandan da göründüyü kimi, artıq 20 yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdı. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirdi. Dastanda Gəncə şahı adlandırılan şəhər hakimi də Məhsətinin səsinin vurğunu idi.